Yəqin ki, 4500 il əvvəl Qədim Misirdə tikilmiş Xeops piramidası haqqında eşitmisiniz. Dünyanın yeddi möcüzəsindən ən möhtəşəmi olan bu tikilinin hündürlüyü 139 metrdir.
Şəkildə gördüyünüz yuvanın hündürlüyü isə 7 metrdir. Bununla belə, onu da möcüzə hesab etmək olar, çünki yuvanın “inşaatçı”ları boyları cəmi 1-2 sm olan həşəratlardır. Hər iki tikilini bir-biri ilə müqayisə etsək, görərik ki, bu yuva daha əsrarəngiz bir möcüzədir. Əgər bu kiçik canlıların boyu insanların boyu qədər olsa idi, onların tikdikləri yuvaların hündürlüyü Xeops piramidasının hündürlüyündən dəfələrlə çox olardı.
Termit adlanan bu kiçik həşəratların tikdiyi qüllələr çox mürəkkəb quruluşa malikdirlər.. Burada bala termitlər üçün xüsusi otaqlar, termitlərin əsas qidası olan göbələklərin yetişdirildiyi istixanalar, ana termitin otağı və s. olur. Ən maraqlısı isə yuvalarda xüsusi ventilyasiya sisteminin olmasıdır. Bu sistem vasitəsilə onlar yuvanın içindəki hərarəti və rütubəti eyni dərəcədə saxlayır, bunun üçün yuvanın içində xüsusi kanallar düzəldirlər.
Termitlərin maraqlı xüsusiyyətlərindən biri də yuvalarını çox yaxşı qorumalarıdır. Yuvanın divarlarında bir dəlik açılsa, həmin an həyəcan siqnalı verilir. Keşikçi termitlər başlarını divara vuraraq təhlükə yarandığını xəbər verir, vəziyyəti koloniyanın bütün üzvlərinə bildirir. Ata və ana termitin olduğu otağın girişi cəld divarla örtülür. Uçulan hissə həmin an işçi termitlər tərəfindən əhatə olunur və qısa müddətdə bərpa edilir. Termitlər çox planlı şəkildə hərəkət edir və hər kəs üzərinə düşən işi yerinə yetirir.
Termit yuvasında hər biri təxminən 2,5 sm enində saysız-hesabsız hücrələr olur. Bu hücrələr bir-biri ilə ancaq termitlərin keçəcəyi böyüklükdə dar dəliklərlə birləşir.