Uğura doğru gedən yol müəyyən zaman kəsiyindən keçir. Zaman isə heç vaxt lövbər salmayan sürətli gəmiyə bənzəyir. Onu saxlamaq, geriyə döndərmək mümkün deyil. Lakin ağılla idarə etmək olar.
Səhər oyanarkən axşamacan qarşımızda uzun bir zaman kəsiyinin olduğunu zənn edirik və bir çox işlər planlaşdırırıq. Ancaq gün başa çatanda bu işlərin çox az bir hissəsini həyata keçirdiyimizin fərqinə varırıq. Vaxtın belə sürətlə ötüb-keçməsinə heyrət edir, mənasız keçirdiyimiz saatlara təəssüflənirik.
* * *
Zaman qum saatındakı kimi axıb gedir. Onun idarə olunmasında ən böyük məharət indini əldən verməməkdir. Odur ki “Bu günün işini sabaha qoyma” atalar sözünü “Axşamın xeyrindən sabahın şəri yaxşıdır” kəlamından üstün tutun.
Yəqin ki, böyüklərinizdən tez-tez “indiki ağlım olsaydı...” kəlmələrini eşitmisiniz. Belə vəziyyətə düşməmək üçün zamandan maksimum dərəcədə səmərəli istifadə etmək lazımdır.
Bir dəfə caz ustası Lui Armstronqu məşhur fizik, Nobel mükafatı laureatı Nils Borla tanış edirlər. Onlar müəyyən müddət bir yerdə vaxt keçirməli olurlar. Armstronq fizikə şeypurda çalmağı öyrədir, Bor da, öz növbəsində, onu atom nüvəsinin parçalanması üsulları ilə tanış edir.
– Biz vaxtımızı çox səmərəli keçirdik, – deyə Armstronq jurnalistlərə danışırdı. – İndi onun caz, mənim isə atom haqqında müəyyən təsəvvürüm var.
Dünyada uğur qazanan əksər insanların nailiyyətlərinin arxasında zamandan səmərəli istifadə dayanır. Qədim Roma filosofu Seneka da bunu deyirdi: “Xoşbəxtlik uğura, uğur isə zamandan səmərəli istifadəyə bağlıdır”.
* * *
Zamanı idarə etməyi bacaran insan məqsədə doğru yolunu planlaşdıran və bunun üçün lazım olan zamanı ayırmağı bacaran insandır.