Həyatda uğur qazanmaq üçün, ilk növbədə, gələcəyə yönəlmiş hədəf seçməlisiniz. Daha sonra həmin məqsədə aparan yaxın hədəfləri müəyyənləşdirmək lazımdır. Özünüzə qısa müddətli hədəflər seçməklə daha uzaq hədəflərə çata bilərsiniz. Beləliklə, həyat strategiyanızı və taktikanızı müəyyən etmiş olursunuz.
Hədəf seçilən andan insanın həyat tərzi də dəyişir. Əgər səhər evdən çıxanda hara gedəcəyinizi bilmirsinizsə, bütün günü boş-boş veyillənib axşam evə qayıdacaqsınız. Amma harasa getməyə qərar vermisinizsə, ünvanı bilməsəniz də, soruşa-soruşa mənzilbaşına gedib çıxa bilərsiniz.
Hədəfi seçərkən vacib məqamlardan biri də realist olmaqdır. Reallıqdan uzaq olan hədəf arzu və xülyadır. Qarşınıza qoyduğunuz məqsəd təbiətinizə uyğun olmalıdır ki, ona doğru irəliləmək sizə zövq versin. Hədəfinizi düşündükcə bezməməli, əksinə, özünüzdə əzm və iradə tapmalısınız. Bunun üçün də qarşınıza qoyduğunuz hədəf qabiliyyətlərinizdən nə həddindən artıq yüksək, nə də həddindən artıq aşağı olmalıdır.
* * *
Hədəfə gedən yol çox zaman təhsildən keçir. Hansı peşəyə yiyələnməyin bir o qədər də önəmi yoxdur, önəmli olan peşəyə hansı səviyyədə yiyələnməkdir.
Təhsil insanın gələcək peşəsini, cəmiyyətdəki yerini təmin edən ən mühüm şərtlərdən biridir. Əlbəttə, kimsə etiraz edə bilər: Hacı Zeynalabdin Tağıyevin heç orta təhsili də olmayıb, amma o, Azərbaycan tarixində dərin iz qoymuş iş adamı və xeyriyyəçi olub.
Nəzərə almaq lazımdır ki, təhsil diplom almaqdan ibarət deyil. Təhsilini yarımçıq qoymaq və ya təhsil almamaq öyrənməmək deyil. Siz universitetə daxil olub ali təhsilli mütəxəssis də ola bilərsiniz, ümumi orta təhsili bitirməmiş müəyyən peşəyə yiyələnə də bilərsiniz. Əsas məsələ peşəkar olmaq, seçdiyiniz peşənin və ya ixtisasın sirlərinə dərindən bələd olmaqdır. Seçdiyiniz sahədə özünüzü təsdiqləməyə çalışın. Onu da yadda saxlayın ki, insanın xoşbəxt olması üçün çox vaxt pul kifayət etmir. Sevdiyi bir işdə çalışmaq tamamilə başqa bir həzdir.