Divardan təqvim asılıb. Onun köməyi ilə yeni dərs ilinə neçə gün qaldığını, bayramların həftənin hansı günlərinə düşdüyünü hesablamaq olar. Təqvim hamı üçün vacibdir. Hər bir insan, xalq, dövlət təqvim üzrə yaşayır.
Qədim insanlar vaxtı hesablamağı bacarmırdılar. Lakin onlar görürdülər ki, qaranlıq gecələr işıqlı gündüzləri əvəz edir, müəyyən müddət havalar soyuq keçir, sonra istilər başlayır və bütün bunlar vaxtaşırı təkrar olunur. Onlar günləri saymaq üçün ağac və ya daş üzərində işarələr qoyurdular.
Həyat tərzi dəyişdikcə insanın dəqiq vaxt ölçülərinə tələbatı artırdı. Məsələn, əkinçilər üçün səpin və məhsul yığımının nə vaxt başlanacağını bilmək çox vacib idi. Vaxtı hesablamaq hökmdarlar, tacirlər, sənətkarlar üçün də lazım idi. Bax onda təqvim meydana çıxdı.
Ən qədim təqvim Ay təqvimi olmuşdur. İlk Ay təqvimi Miladdan öncə III minillikdə tərtib edilmişdir. Bu təqvimə görə, Ayın Yer ətrafında dövr etməsi vaxtı – 29 sutka 12 saat – əsas vaxt ölçüsü kimi qəbul edilir və bir ay adlanır. Bəlkə də, bir çox dillərdə “ay” sözünün həm səma cismi, həm də zaman vahidi bildirməsi bununla əlaqədardır. Ay təqviminə görə, bir il on iki aydan ibarətdir. Bu təqvim sonralar Şərq ölkələrində geniş yayıldı. Bu gün iyirmidən çox Şərq ölkəsi Ay təqvimindən istifadə edir.
Müasir dövrdə təqvimin geniş yayılmış növü Günəş təqvimidir. Bu təqvimin vətəni Qədim Misirdir. Misirlilər Nil çayında suyun nə vaxt bol olacağını əvvəlcədən bilməli və həmin vaxta qədər kanalları təmizləməli, bəndləri möhkəmlətməli idilər. Əgər Nilin suyunu bəndləyib əkinlərə verməsə idilər, su axıb dənizə gedərdi və tarlalar susuz qalardı. Bütün ölkənin həyatı və abadlığı isə məhsuldan asılı idi.
Misir kahinləri gördülər ki, iyunun 22-də, ən qısa gecədən sonra günəş çıxmazdan əvvəl səmada parlaq Sirius ulduzu görünür. Elə həmin vaxt çayın suyu daşır. Onlar hesabladılar ki, Sirius ikinci dəfə görünənə qədər 365 gün keçir. Bu uzun müddəti hər biri 30 gün olan on iki mərhələyə böldülər. Artıq qalan beş günü isə ilin axırına caladılar. Beləliklə, Günəş təqvimi yarandı.