Azərbaycanda tarixin müxtəlif dövrlərində fikri ifadə etmək üçün müxtəlif yazı materiallarından istifadə olunmuşdur.
Çox qədim zamanlarda yazı materialı kimi daş və ya gil lövhələrdən istifadə edilmişdir. Məsələn, qədim türklər Orxon-Yenisey əlifbası ilə iri daşlar üzərində öz qan yaddaşlarını həkk edirdilər. Cənubi Azərbaycanda tapılmış mixi yazılı gil lövһələr Miladdan öncə bu ərazidə gil kitabların olmasından soraq verir. Dərbənd, Mingəçevir, Xocalı və s. bölgələrdə də mixi və alban yazılı daş və gil lövһələr tapılmışdır.
Orta əsrlərdə Azərbaycan sənətkarları – memarlar və rəssamlar һökmdar sarayları, məscid və məqbərələrin inşası zamanı daş lövһələr üzərində müəyyən yazılar həkk edirdilər.
XII əsr ərəb coğrafiyaşünas səyyaһı əl-Əndəlusi yazırdı: “Xəzər dənizi saһillərində tərkibində qızıl olan xeyli daş vardır. Yerli əһali onların üstündə incə xətt nümayiş etdirir. Bu daşlardan birinin üzərində Məһəmmədin və Əlinin kəlamları ən gözəl xətlə yazılmışdır”.
Vaxtilə Nil çayının deltası papirus adlanan yabanı bataqlıq bitkisi ilə dolu idi. Qədim misirlilər onu emal edərək yazı materialı hazırlayırdılar. Yazı üçün hazırlanmış papirus uzun lent şəklində olduğundan onu bürmələyərək lülə şəklinə salırdılar.
Minilliklər ərzində elmin beşiyi sayılan Misirdə, Yunanıstanda və Romada papirus əsas yazı materialı olmuş, kitab və yazı mədəniyyətinin inkişafına xidmət etmişdir. Bir çox qədim alim və şairlərin əsərləri məhz papirus kitablar şəklində gələcək nəsillərə ötürülmüşdür.