Tərkibindəki maddələrin miqdarına, əmələgəlmə şəraitinə görə müxtəlif torpaq tipləri ayrılır. Torpaq əmələ gətirən amillərin hər hansı birinin dəyişməsi ilə torpağın xüsusiyyətləri də dəyişir. Odur ki, müxtəlif ərazilərin torpaqları da bir-birindən fərqlənir. Torpaq tipləri Yer kürəsində üfüqi istiqamətdə – ekvatordan qütblərə doğru bir-biri ilə əvəz olunur. Torpaqların müxtəlifliyi və onların ərazi üzrə paylanması torpaq xəritəsində təsvir olunur.
Rütubətli ekvatorial meşələrdə qırmızı-sarı ferralit və ya laterit torpaqlar yayılmışdır. “Laterit” latınca “kərpic” mənasını verir. Bu da onun tərkibindəki dəmir, aliminium birləşməsinin təsiri ilə qırmızı rəngin üstünlüyünü göstərir. Hündür ot örtüyünün üstün olduğu subekvatorial iqlim qurşağında savannalarda qırmızı-qonur torpaqlar geniş yayılmışdır.