Yada salın. Xarici qüvvələrin təsiri ilə torpağın üst qatı yuyulur və dağılır.
Torpaq bəşəriyyətin ən qiymətli sərvətidir. Onun qorunması insanlar üçün həyati əhəmiyyət daşıyır. Nəzərə almaq lazımdır ki, Yer kürəsində torpaq ehtiyatı o qədər də çox deyil. Əhalinin sürətlə artdığı bir dövrdə torpağa olan tələbat da artır və yararlı torpaq ehtiyatı isə azalır.
Torpaq həm təbii amillərin, həm də insan fəaliyyətinin təsiri ilə korlanır. Su, külək, temperaturun dəyişməsi və s. təbii amillər torpaqların yuyulmasına və onun münbit qatının yararsız hala düşməsinə səbəb olur. Nəticədə torpağın məhsuldarlığı azalır.
Lakin torpağa ən böyük ziyanı insanlar vurur. Bu, xüsusilə, kənd təsərrüfatı işlərində özünü göstərir. Torpaqlara həddindən artıq gübrə verilməsi, düzgün suvarılmaması, otlaq və biçənəklərdə otarılma qaydalarının pozulması və s. qeyd etmək olar.
Bitki örtüyünü, xüsusilə meşələri məhv etməklə insanlar torpağın məhsuldarlığını azaldır, eroziyanı gücləndirir. Torpaqlar yararsız hala düşərək şoranlıqlara, bataqlıqlara və səhralaşmış ərazilərə çevrilir. Bu xüsusilə Şimali Afrikada, Mərkəzi Asiyada, Cənubi Amerikada və s.-də daha kəskin bilinir.
Yararlı torpaqların böyük bir qismi kanal və su anbarlarının, yaşayış məntəqələrinin, sənaye müəssisələrinin, mədənlərin, yolların və digər tikililərin altında qalaraq azalır. Sənaye və məişət tullantıları altında hər il xeyli torpaq sahələri tamamilə yararsız hala düşür. Belə torpaqların yenidən bərpa edilməsi, yəni rekultivasiyası mümkündür.