Yada salın. Yer kürəsində 200 dən çox dövlət var. Onlar bir-birindən ərazilərinin böyüklüyünə, coğrafi mövqeyinə, inkişaf səviyyəsinə, idarəetmə formasına və s. görə fərqlənirlər.
Dövlət – müəyyən sərhəd daxilində yaşayan bir və ya bir neçə millətin yaratdığı müstəqil siyasi qurumdur. Dövlətin üç əsas əlaməti vardır:
1. Dövlət hər hansı ərazini əhatə edir. Dünyada Rusiya, Kanada, Çin, ABŞ və s. kimi nəhəng dövlətlərlə yanaşı San Marino, Vatikan, Andorra və s. kimi kiçik dövlətlər də mövcuddur.
2. Əhali – sayının az və ya çox olmasının dövlətin mövcudluğuna təsiri yoxdur. Əgər Çin və Hindistanda əhalinin sayı 1 milyard nəfərdən çox, ABŞ, İndoneziya və Yaponiyada yüz milyondan çoxdursa, İslandiya, Monako, Cibuti və s. dövlətlərdə bir neçə min nəfər əhali yaşayır.
3. İdarəetmə – qanunverici və icraedici orqanların olmasıdır. Dövlətlər idarəetmə formalarına görə iki cür olur: respublika və monarxiya. Dünyanın əksər dövlətlərində respublika idarəetmə forması mövcuddur. Belə dövlətlərdə hakimiyyət orqanları xalq tərəfindən müəyyən müddətə səsvermə yolu ilə seçilir. Dövlətin başçısı prezident, baş nazir, kansler və s. ola bilər. Ölkənin idarə edilməsi mövcud hüquq normalarına əsaslanır. Belə ölkələrdə vətəndaşların hamısı eyni hüquqlara malikdir. Azərbaycan da daxil olmaqla belə ölkələrə ABŞ, Fransa, İtaliya, Almaniya,Türkiyə, Pakistan, İsrail və s. misal ola bilər. Müstəqilliyini nisbətən gec əldə edən Latın Amerikası (Braziliya, Çili və s.), Afrika (Misir, Niger və s. ) və Asiya ölkələrinin əksəriyyəti də respublikadır.
Monarxiya ölkələrinin sayı azdır. Belə ölkələrdə hakimiyyət vərəsəlik yolu ilə ötürülür. Ölkəni idarə edən şəxs kral, sultan, imperator, knyaz, əmir və s. ola bilər.