Fiziki xəritələrdə relyefi təsvir etmək məqsədi ilə rənglərdən istifadə olunur. Rəng çalarlarını biri-birindən nazik xətlər ayırır. Planda bu xətlər daha aydın çəkilir, səthin relyefini əks etdirir. Bu xətlər horizontallar adlanır.
Horizontal (izohipslər) - eyni mütləq hündürlüyə malik nöqtələri birləşdirən qapalı əyri xətlərdir. İki qonşu horizontal arasındakı hündürlük fərqinə kəsmə yüksəklik deyilir. Planın hər yerində horizontallar arasında kəsmə yüksəklik eyni olur. Horizontalların bir-birinə yaxın çəkilməsi yamacın dikliyini, aralı çəkilməsi isə relyefin hamar və ya az meyilli olduğunu göstərir.
Yamacın meyilliliyi berqştrix vasitəsi ilə müəyyən edilir. Berqştrix horizontala perpendikulyar çəkilmiş qısa xətlərdir. Berqştrixin istiqaməti relyefin formasını, yəni onun qabarıq (təpə, dağ və s.) və ya çökəklik olmasını müəyyən etməyə imkan verir.
Qabarıq relyef formalarında berqştrixin istiqaməti - kənara, çökək relyef formalarında isə, əksinə - mərkəzə doğru çəkilir.
Relyefin formasını horizontallar üzərində yazılan rəqəmlərə əsasən də müəyyən etmək mümkündür. Çünki horizontal üzərində yazılan hündürlüklərin yuxarı hissəsi mütləq yüksəkliyin artma istiqamətinə yönəlmiş olur.
Obyektlərin hündürlüyü nisbi və mütləq ola bilər. Əgər nöqtənin hündürlüyü okean və ya dəniz səviyyəsindən hesablanırsa, bu, mütləq hündürlük adlanır.