Cədvəli dəftərinizə çəkin və mətndən istifadə edərək onu tamamlayın.
Planetlərin adı | Yalnız özünə məxsus olan xüsusiyyətləri | Yerlə oxşar xüsusiyyətləri |
... | ... | ... |
... | ... | ... |
Merkuri - öz oxu ətrafında həddindən artıq yavaş fırlanır. Planetin gündüz Günəşə tərəf olan hissəsi +430°C-dək qızır, əks tərəfdə isə temperatur -180°C olur. Zəif atmosferə malikdir. Bir ilinin uzunluğu 88 gündür. Səthi nəhəng çökəkliklərdən və kraterlərdən təşkil olunmuşdur. Burada N.Gəncəvi adına da krater var.
Venera – Roma mifologiyasına görə, Venera məhəbbət və gözəllik tanrısıdır. Günəş və Aydan sonra səmada müşahidə olunan ən parlaq göy cismidir. Şərqdə Dan və ya Zöhrə ulduzu adlandırılır. 225 günə Günəş ətrafında dövr edir. Karbon qazından ibarət atmosferi vardır. Planetin gündüz Günəşə tərəf olan hissəsi +475 °C qızır, əks tərəfi isə -105 °C soyuyur.
Yer - Günəş sistemində həyatın, atmosferin və suyun mövcud olduğu yeganə planetdir.
Mars - səmada qırmızı rəngdə görünən planetdir. Marsın atmosferi karbon qazından ibarətdir. Gündüz Günəşə çevrilən tərəfində isti, əks tərəfdə isə -153°C soyuq olur. 687 günə Günəş ətrafında dövr edir. Marsın iki peyki var. Marsda tanınmış astronom Nadir İbrahimov adına krater vardır. Burada ən böyük dağ olan Olimpin hündürlüyü 25 km-ə çatır. ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi İdarəsi (NASA) Marsı gələcəkdə insanlar üçün əlavə yaşayış məskəni hesab edir.
Yupiter – Günəş sisteminin ən böyük planetidir, qaz tərkiblidir. Səthdə temperatur -110°C olur. Güclü küləklərin sürəti saatda 600 km-ə çatır. Ona görə də, zolaqlı kimi görünür. 60-dan çox peykinin olduğu qəbul edilir. Geanymede peyki böyüklüyünə görə fərqlənir.
Saturn – ətrafındakı halqalar qaz, buz və daş parçalarından ibarətdir. Səmada asanlıqla seçilir. Səthin temperaturu -178°C-dir. Məlum olan 82 peykindən ən böyüyü Titandır. Bu planetdə bir ilin uzunluğu təqribən 29 Yer ilidir. Saturnda günün uzunluğu 10 saat 42 dəqiqədir.
Uran – səthinin temperaturu -224 °C-yə çatır. 84 Yer ilinə Günəş ətrafında dövr edir. Səmada göy rəngdə görünür. Bu, planetin metan qazı ilə əhatə olunması ilə əlaqələndirilir. Məlum olan 27 peykindən biri Titaniadır.
Neptun – səthinin temperaturu -235 °C-yə qədər enir. Qazlardan təşkil olunmuşdur. Günəş ətrafında tam dövrəni 165 Yer ilinə başa vurur. 14 peykinin olduğu məlumdur. Onlardan ən böyüyü Tritondur.