Yerin daxilində yüksək temperatur və təzyiq müxtəlif proseslərin baş verməsinə səbəb olur. Bu proseslər endogen proseslər adlanır. Endogen proseslərin təsiri ilə Yerin litosfer təbəqəsində şaquli və üfüqi hərəkətlər baş verir. Onlara tektonik hərəkətlər deyilir. Tektonik hərəkətlər nəticəsində litosfer dərin çatlarla iri hissələrə ayrılmışdır.
Onlar daim hərəkətdə olub, bir-biri ilə toqquşur və ya aralanır. Bu hərəkətlər zəlzələ və vulkanlarla müşayiət olunur. Yerin inkişafının ilk dövrlərində vahid okean – Pantalass və vahid quru – Pangeya mövcud idi. Sonrakı dövrlərdə endogen proseslərin təsiri ilə həmin qurular parçalanaraq, mərhələlərlə müasir materik və okeanları əmələ gətirmişdir.