Cədvəli köçürün. Səhifə 143-dəki xəritəyə əsasən Azərbaycanın faydalı qazıntılarını qruplaşdırın və cədvəli tamamlayın.
Yanar | Filiz | Qeyri-filiz |
Müzakirə edək:
1. Xammal ehtiyatlarının mövcudluğu ölkənin iqtisadi
inkişafına necə təsir göstərir?
2. Azərbaycanın inkişafında təbii sərvətlərin rolu nədən ibarətdir?
Azərbaycan mineral faydalı qazıntı yataqları ilə zəngindir. Ölkəmiz neft, təbii qaz, dəmir filizi ehtiyatına görə Cənubi Qafqazda, alunitə görə isə Avropada 1-ci yeri tutur.
Yanar faydalı qazıntılar. Azərbaycan ərazisinin 70%-ə yaxını neft və təbii qazla zəngindir. Ən iri yataqları Xəzərin şelf zonasında, Abşeronda, Kür-Araz ovalığındadır. Naftalanda dünyada yeganə yanmayan müalicəvi neft çıxarılır. Xəzər dənizində “Azəri”, “Çıraq”, “Günəşli” və s. neft yataqları, “Şahdəniz”, “Ümid”, “Abşeron” kimi təbii qaz yataqları vardır. Yerli əhəmiyyətli yanar şist yataqları isə İsmayıllı və Qobustan ərazilərindədir.
Filiz faydalı qazıntılar respublikamızın dağlıq ərazilərində maqmatik süxurların tərkibində geniş yayılmışdır. Kiçik Qafqazda iri dəmir filizi (Daşkəsən), alunit (Zəylik), mis (Gədəbəy, Kəlbəcər), qızıl (Kəlbəcər, Gədəbəy), civə (Kəlbəcər) yataqları mövcuddur. Polimetal filiz ehtiyatları Naxçıvan (Gümüşlü), Kəlbəcər (Mehmanə), Balakən, Zaqatala (Filizçay), molibden isə Naxçıvandakı Parağaçay yatağında zəngindir.