Hava Yer səthinə və orada olan bütün cisimlərə müəyyən qüvvə ilə təsir edir. Bu, atmosfer təzyiqi adlanır. Atmosfer təzyiqi hava kütləsinin çəkisindən, havanın temperaturundan və yüksəklikdən asılı olaraq dəyişir. Atmosfer təzyiqini ölçmək üçün civəli barometr (a) və ya mayesiz barometr-aneroid (b) cihazlarından istifadə olunur.
Normal atmosfer təzyiqi 45° paraleldə, okean səviyyəsində, 0°C temperaturda 760 mm civə sütununa (c.s.) bərabərdir. Atmosfer təzyiqi 760 mm c.s.-dan çox olarsa, o, yüksək təzyiq, az olarsa, alçaq təzyiq hesab olunur.
Bu, maraqlıdır. Bu günə qədər Yer üzərində ən yüksək atmosfer təzyiqi Rusiyada, Sibir ərazisində qeydə alınmışdır. Burada atmosfer təzyiqi dəniz səviyyəsində 816 mm c.s. olmuşdur. Ən alçaq təzyiq isə Yaponiya ətrafında “Nensi” qasırğası zamanı 641 mm c.s. müşahidə olunmuşdur.
Coğrafi enliklər üzrə Günəşin istiliyi qeyri-bərabər paylanmışdır. Bu da Yer səthində müxtəlif təzyiq qurşaqlarının yaranmasına səbəb olur. Ekvatorial enliklərdə hava qızaraq yüngülləşir və troposferin yuxarı qatlarına qalxır. Havanın qalxan hərəkəti atmosfer təzyiqinin ekvatorda aşağı düşməsinə səbəb olur. Bu ərazilərdə ilboyu buludlu hava şəraiti hökm sürür.
Ekvator boyunda qalxan isti və rütubətli hava troposferin yuxarı qatlannda tropik enliklərə (30° şm.e. və c.e.) doğru hərəkət edir. Soyumuş quru hava axını Yer səthinə enir, qızır, yüksək təzyiq qurşağı yaradır. Səmada buludluluğun az olması gündüz və gecə arasında temperatur fərqinin böyük olmasına səbəb olur.