Respublikamız Xəzər dənizinin sahilində yerləşir. Əslində Xəzər dəniz deyil, dünyanın ən böyük gölüdür.
● Xəzərin dəniz hesab edilməsi üçün hansı şərt olmalı idi?
Cədvəli çəkin. Dənizlərin mövqeyini müəyyən edin.
Dənizlər | Hansı okeana aiddir? | Hansı materikin sahilindədir? |
Qara dəniz | ||
Barens dənizi | ||
Filippin dənizi |
Müzakirə edək: 1. Dənizlərin mövqeyində hansı fərqlər var? 2. Dənizlər okeanla necə əlaqəlidir?
Yada salın. Dünya okeanı 5 iri hissədən – Sakit, Atlantik, Hind, Cənub, Şimal Buzlu okeanından ibarətdir.
Dənizlər quru və sualtı maneələr vasitəsilə okeandan ayrılan su sahəsidir. Okeandan təcrid olunmasına görə dənizlər bir-birindən fərqlənir. Qurunun içərisinə daha çox daxil olan dənizlər daxili dənizlərdir. Qara, Azov, Aralıq, Qırmızı, Baltik, Mərmərə və s. dənizlər okeanla boğazlarla birləşir. Materikin sahilində yerləşən kənar dənizlər okeandan adalar vasitəsi ilə ayrılır. Onlar şelf və materik yamacında yerləşir. Berinq, Oxot, Karib, Norveç, Sarı və s. belə dənizlərdir.
Adalararası dənizlər materik sahillərindən kənarda, adalar arasında yerləşir, məsələn: Fillipin, Sulavesi, Yava, Fici və s. Okean və dəniz sularının quruya daha çox daxil olan hissələri körfəz adlanır. Körfəzlərin okeanla təbii sərhədləri olmur. Bəzi dənizlərin adı səhvən körfəz (Meksika, Hudzon), körfəzlərin adı isə dəniz (Ərəbistan) adlandırılmışdır.