Fiziki xəritəyə əsasən ilk baxışdan 4 ən böyük adanı müəyyən edin, coğrafi mövqeyini müəyyənləşdirib cədvəli doldurun.
№ | Adanın adı | Hansı materikə aiddir | Hansı okeanda yerləşir |
Müzakirə edək: 1. Bu adalar nə ilə fərqlənir? 2.Sizcə, bu adalar necə yaranıb?
Yada salın. Hər tərəfdən su ilə əhatə olunmuş kiçik quru parçasına ada deyilir.
Dünya okeanında böyüklüyünə görə müxtəlif quru sahələri – adalar yerləşir. Onlar materiklərdən ölçülərinin daha kiçik olması ilə fərqlənir. Sahəsinə görə ən böyük ada olan Qrenlandiya hətta Avstraliya materikindən də təxminən üç dəfə kiçikdir. Adalar mənşəyinə görə müxtəlif olur – materik, vulkanik və mərcan adaları.
Materik mənşəli adalar keçmişdə materiklərin bir hissəsi olmuşdur. Tektonik hərəkətlər nəticəsində bəzi ərazilər enərək su altında qalmış, dəniz səviyyəsindən yuxarıda qalan quru sahələri isə adaya çevrilmişdir. Materik adaları böyük qurudan boğaz və ya dayazlıqlar vasitəsilə ayrılmışdır. Qrenlandiya, Madaqaskar, Şri-Lanka, Kalimantan,Yeni Qvineya, Tasmaniya adaları materik mənşəlidir.
Vulkanik mənşəli adalar sualtı vulkanların püskürməsi və lavanın soyuması nəticəsində yaranmışdır. Vulkanik mənşəli ən böyük ada – Atlantik okeanındakı İslandiyadır. Lakin onlara ən çox Sakit okeanda rast gəlinir – Havay, Kuril və s.