“Yaxşı bədii əsər oxucunun hisslərinə, düşüncəsinə təsir edir, onu hərtərəfli zənginləşdirir”.
Aşağı siniflərdə ədəbiyyat, eləcə də digər fənlər üzrə dərslərdə müəyyən mövzularla əlaqədar diskussiya aparmış, bununla bağlı təcrübə qazanmışsınız.
Müstəqil oxuduğunuz bu əsər maraqlı mövzular, problemlər üzrə diskussiyaya imkan yaradır. Mətnin sonundakı tövsiyələr bu istiqamətdəki fəaliyyətinizə səmərəli istiqamət verəcəkdir. İlk növbədə əsəri bir daha nəzərdən keçirməyiniz faydalıdır.
(ixtisarla)
Ovçu Piri oylağa çatanda dan yerindən soyuq külək əsirdi. Düzənliyə çökən boz duman tərpənib qərbə doğru çəkilməyə başladı. Üfüqdən uzanmış şüalar altında parlayan körpə payız otları üşüyürmüş kimi titrəşirdilər.
Ovçu Piri lap ayağının ucuna qalxdı, yaxındakı şehli yovşan koluna qonan çobanaldadan quşundan gözünü çəkib başını qaldırdı. Bu zaman aralanmaqda olan duman içindən başqa bir ovçunun çıxdığını gördü. Onun əynində içi xəz gödəkcə, ayaqlarında iri əsgər çəkmələri var idi. Azca yana əyilmiş gümüşü papağının yanlarından vaxtından tez ağarmış qıvrım saçları görünürdü. Sol əlini belinə boş bağlanan qatara keçirmiş, sağ əli ilə çiynindən asılan təzə qoşalülənin qayışından tutmuşdu. İri çal bığları onun qarabuğdayı üzünə yetkin, ağır bir görkəm verirdi.
– Sabahın xeyir, ovçu qardaş, – deyə o, bərkdən səsləndi, – Papirosun yoxdur?
– Sabahın xeyir... – deyə ovçu Piri ayaq saxlayıb qədim taxta qutusunu çıxartdı və dedi: – tütünüm var…
– Bəri ver görüm, – deyə dumandan çıxan ovçu ona yaxınlaşdı.
– Papirosum yadımdan çıxıb, qalıb maşında… nəfəsim lap qaralıb.
– Maşının harada qalıb ki?