Mikayıl Rzaquluzadə
(hekayədən parça)
Ana-bala buxarı qabağında üz-üzə oturmuşdular. Ana həsrətli və mehriban baxışlarını oğlunun üzündən ayırmırdı. Elə bil ki ondan ayrılacağından, bu qaraşın üzə, bu çatma qaşlara, bu ala gözlərə yenə həsrət qalacağından qorxurdu.
Necə qorxmayaydı?! Yeddi-səkkiz il idi ki, balasını doyunca görməmişdi. O, sarbana nökərçiliyə veriləndə doqquz-on yaşında bir uşaq idi. İndi on yeddi-on səkkiz yaşlı bir igid olmuşdu. Karvanla birgə şəhərləri, ölkələri qarış-qarış gəzmiş, qışın şaxtasından, yayın qızmarından üzünün dərisi bərkiyib sərtləşmişdi.
Ana çoxdan bəri ürəyində bəslədiyi dadlı xəyal və arzularını oğluna bildirmək istəyirdi. Onu razı salıb yanında saxlamağı, əzab-əziyyətlərlə dolu olan ömrünün son günlərini oğlu ilə birgə keçirməyi arzu edirdi. Bu ümidlə oğluna dedi:
– Nə yaxşı oldu ki, gəldin, oğul... Gözüm yollarda qalmışdı. Deyirəm ki, daha heç yana getmə. Ac-yalavac da olsa, bu kasıb daxmamızda birtəhər dolanarıq...
Babək anasının ürəyindən keçənləri duydu. Onu boş xəyallarla yormamaq üçün sözünü yarımçıq qoyub dilləndi:
– Yox, anacan, mən burada qala bilmərəm. Elə bu “birtəhər, ac-yalavac dolanmağa” qatlaşmaq bizim evimizi yıxıb. Daha bəsdir!..
O sanki anasına yox, minlərlə adama deyirmiş kimi, sözünə davam etdi:
– Daha bəsdir, ana... Mən İrandan, Ərəbistandan Hindistana qədər hər yeri qarış-qarış gəzmişəm. Azərbaycan torpağı hər yerdən bərəkətli, Azərbaycan oğulları hamıdan qeyrətlidir. Biz niyə “birtəhər, ac-yalavac dolanmağa” qatlaşaq? Yox, mən gedəcəyəm, ana!..
Gənc Babək özü də istəmədən bu amansız sözləri ilə ananın yaralı qəlbini qanatmışdı. Dərdli ana hıçqırıqlı bir səslə inlədi:
– Oğul, bəs mənə yazığın gəlmirmi? Məni qoyub hara gedirsən?
Babək anası ilə sərt danışdığını indi başa düşüb yumşaq, lakin inamlı bir səslə dedi:
– Elə demə, anacan. Anasına kəm baxan oğulun gözlərinə qan damar! Mən səni sevdiyim üçün belə düşünürəm, anacan! Mən karvanda yeddi-səkkiz il çarvadarlıq etdim. Təbrizdə emalatxanalarda işlədim. Azdan-çoxdan qazancım var. Bir inək, beş-on qoyun-keçi alıb, sən deyən kimi “birtəhər” dolana bilərik. Ancaq sabah xəlifənin əmirləri, İranın naibləri onu da tutub əlimizdən alacaqlar. Bəs sonra?.. Sonra necə olsun?! Yox, anacan, yaxşı oğul gərək təkcə özünü, öz komasını düşünməsin... Bizim elimiz, yurdumuz var, anacan! Sənin də, mənim də böyük bir anamız var – Vətən! Anacan, mən səni sevirəm, ancaq Vətənimi də sevirəm. Bil ki, ərəb işğalçıları ilə İran hakimləri Vətəndən qovulmadıqca...
Elə bu zaman daxmanın qapısı şiddətlə döyüldü, bayırdan at kişnəmələri, it hürüşmələri eşidildi.