Bu səbəbdən də çox vaxt mexaniki dalğa elastik dalğa, onun yarandığı mühit isə elastik mühit adlanır. Bərk cisimlər, maye və qazlar elastik mühit olduğundan onlarda mexaniki dalğa yarana bilir. Mexaniki dalğanın yayıldığı mühitdə eyni zamanda iki hadisə baş verir:
1) cismin (və ya onun atom və molekullarının) rəqsi hərəkəti;
2) mühitdə (və ya cisimdə) yaranan forma dəyişikliklərinin hərəkəti, məsələn, dəniz dalğalarında qabarıq və çökəkliklərin su səthi boyunca yayılması (c).
Mexaniki dalğada rəqsi hərəkətin enerjisi daşınır.
Mexaniki dalğa vakuumda* yaranmır, çünki orada deformasiya edə bilən heç bir mühit (zərrəcik) yoxdur.
Öyrəndiklərinizi tətbiq edin
Təchizat: su doldurulmuş küvet, karandaş, 5 sm uzunluqlu
xətkeş.
Araşdırmanın gedişi:
1. Karandaşın arxa ucu ilə su səthində bir nöqtəni şaquli
döyəcləyin və yaranan mənzərənin təsvirini iş vərəqinə çəkin
( d ).
2. Xətkeşin əvvəlcə dar tili, sonra isə enli tili ilə su səthini
şaquli döyəcləyin və alınan mənzərənin təsvirlərini iş vərəqinə
çəkin ( e və f ).
Nəticəni müzakirə edin:
1. Su səthində yaratdığınız dalğalar nə ilə fərqlənir?
2. Bu dalğalarda enerjidən savayı daha nə daşınır?
1. Dalğa hansı səbəbdən yaranır?
2. Dalğa mexaniki rəqslərdən nə ilə fərqlənir?
3. Küvetdəki su dalğalarının üzərinə penoplast qoyduqda o, nə üçün yayılan dalğalar
boyunca hərəkət etmir?
4. Mexaniki dalğa mühitdə yayılarkən hansı fiziki hadisə müşahidə edilə bilər?