Ətrafda baş verən hadisələrə diqqət yetirdikdə cisimlərin hərəkətə başladığını və ya hərəkətdə olan cisimlərin dayandığını müşahidə etmisiniz.
• Cisimləri hərəkətə gətirən nədir, nə üçün hərəkət edən cisim dayanır?
Təchizat: iki ədəd eyni arabacıq, içərisi qum doldurulmuş
kiçik torba, nazik elastik lövhə, qayçı,
sap, plastilin.
Araşdırmanın gedişi:
I mərhələ: 1. Arabacığı masanın üzərinə qoyun, o yerindəcə
durur. 2. Onu itələyərək hərəkətə gətirin.
Nəticəni müzakirə edin: 1. Arabacığın sükunətdə
durmasının səbəbi nədir? 2. Arabacığı hərəkətə gətirmək
üçün nə etmək lazımdır?
II mərhələ: 3. Qum dolu torbanı hərəkətə gətirdiyiniz
arabacığın qarşısında yerləşdirin və baş verən hadisəni müşahidə edin ( a ).
Nəticəni müzakirə edin: Arabacıq qum dolu torba ilə toqquşduqda nə üçün
yalnız
arabacığın sürəti dəyişdi?
III mərhələ: 4. Arabacıqlardan birinə elastik lövhə bərkidin və
onu əyərək sapla bağlayın.
5. İkinci arabacığı birinci arabacıqla qarşı-qarşıya, lövhəyə toxunmuş vəziyyətdə
yerləşdirin. Arabacıqlar arasındakı məsafənin tən ortasında plastilindən nişan
qoyun. Sapı kəsin və baş verən hadisəni izləyin ( b ).
Nəticəni müzakirə edin: 1. Sapı kəsdikdə açılan lövhə nə üçün arabacıqların
ikisini də
hərəkətə gətirdi? 2. Arabacıqlarda baş verən sürət dəyişməsi hansı səbəbdən baş verdi?
Sükunətdə olan arabacığa təsir etdikdə o hərəkətə gələrək sürət alır. Arabacıqlar arasındakı elastik lövhənin sapını kəsdikdə onlar lövhə vasitəsilə birbirinə qarşılıqlı təsir edərək əks tərəflərə sürətlənir. Beləliklə, araşdırmalardan çıxan nəticələr bunlardır:
1. Cismə digər cisimlər təsir etmirsə, o, sürətini dəyişmir.
2. Cismin sürəti yalnız ona başqa cisimlər təsir etdikdə dəyişir.
3. Təsir həmişə qarşılıqlıdır: bir cisim digərinə təsir etdikdə digər cisim də
ona əks təsir göstərir.
Cisimlərin bir-birinə təsirini xarakterizə edən fiziki kəmiyyət qüvvə adlanır.
Qüvvə vektorial kəmiyyət olub F→
hərfi ilə işarə edilir. Qüvvə vektoru tətbiq
nöqtəsi, ədədi qiyməti və istiqaməti ilə göstərilir.