Təchizat: rezin lövhə, aralarına kiçik yaylar bərkidilmiş taxta lövhəciklərdən ibarət model, xətkeş, marker.
Araşdırmanın gedişi: 1. Rezin lövhənin səthində xətkeş və markerdən
istifadə
etməklə damalar cızın. 2. Lövhəni kənarlarından tutub eninə və uzununa dartıb
sərbəst buraxın. Sonra isə bir kənarını sağa, digər kənarını isə sola sürüşdürüb sərbəst
buraxın. Bu zaman onun səthindəki damaların forma və ölçülərinin necə dəyişdiyini
izləyin ( a ). 3. Modeli sıxıb, genişləndirib, əyib, burub
və kənarlarını bir-birinə nəzərən sürüşdürüb sərbəst
buraxmaqla lövhəciklərin vəziyyətlərinin necə
dəyişdiyini, uyğun olaraq modelin formasında hansı
dəyişikliklərin baş verdiyini müşahidə edin ( b ).
Nəticəni müzakirə edin: 1. Rezin lövhəni eninə və
uzununa dartıb sərbəst buraxdıqda onun səthindəki
damaların forma və ölçülərinin dəyişməsindən hansı
nəticəyə gəlmək olar? 2. Modeldə əyilmə, burulma
və sıxılma təsirləri nəticəsində taxta lövhəciklərdə
hansı hərəkətləri müşahidə etdiniz? Bu
təsirləri kəsdikdə modeli əvvəlki vəziyyətinə
qaytaran hansı qüvvədir?
Deformasiya. Hər bir cisim müəyyən formaya malikdir. Başqa cisimlərlə qarşılıqlı təsirdə olduqda onun forması dəyişir. Cismin forması o zaman dəyişir ki, onun bir-birinə nəzərən sükunətdə olan ayrı-ayrı hissələrində xarici qüvvənin təsiri nəticəsində yerdəyişmələr baş verir.
Deformasiyanın gərilmə (dartılma), sıxılma, əyilmə, burulma və sürüşmə kimi növləri vardır ( bax: səh. 45 – a və b ).