Qaz molekulları qarmaqarışıq hərəkətləri zamanı bir-biri ilə, həm də olduqları qabın divarları ilə toqquşur. Qazda molekulların sayı çox olduğundan zərbələrin sayı da çox olur. Bütün qaz molekullarının qabın divarlarına göstərdikləri təsir qazın təzyiqini yaradır.
Qaz və mayelərin təzyiqini manometr adlanan cihazla ölçmək mümkündür. Metal manometrin işi “oyuncaq dil”in işinə oxşayır. “Oyuncaq dil” üfürülən zaman havanın təzyiqi nəticəsində düzəlir. Manometrin əsas hissəsi də “oyuncaq a dil” kimi əyilmiş elastik metal borudan ibarətdir. Borunun bir ucu lehimlənmişdir, digər ucu isə açıq olub təzyiqi ölçüləcək qaba birləşdirilir.
Təzyiqin artması nəticəsində boru düzəlir və onun lehimlənmiş ucuna bərkidilən əqrəb daha çox dönür (a). Təzyiqi ölçmək üçün mayeli manometrdən də istifadə olunur. Belə manometrlər U şəkilli şüşə borudan ibarətdir. Boruda rəngli su və ya başqa maye olur. Qazın təzyiqini ölçmək üçün borulardan biri rezin şlanqla təzyiqi ölçüləcək qaba, məsələn, ağzına rezin pərdə yapışdırılan qıfa birləşdirilir.