Yer kürəsini əhatə edən hava atmosferdir (yun. “atmos” – buxar və “sphair” – sfera, kürə). Havanın yaratdığı təzyiq isə atmosfer təzyiqi adlanır. Yer səthindəki bütün cisimlərlə yanaşı, atmosferə də ağırlıq qüvvəsi təsir edir. Bu qüvvənin təsiri nəticəsində atmosferin yuxarı qatları alt qatlarını sıxır. Yerə ən yaxın olan hava qatı daha çox sıxılaraq təzyiqi bütün istiqamətlərə bərabər ötürür. Nəticədə hava Yerdəki bütün cisimlərə, o cümlədən bizə böyük qüvvə ilə təzyiq edir.
Müşahidə etdiyiniz və eşitdiyiniz bir çox hadisələr atmosfer təzyiqinin mövcud olması ilə izah edilir. Məsələn, damcıladıcının rezin başlığını sıxmadan mayeyə daxil etdikdə onun açıq ucundan içəriyə maye dolmur.