Mətni oxuyub təhlil edin.
Ayxan neçə gün idi ki, dostu Anarın ad gününə hazırlaşırdı. Bu qonaqlıq onun üçün çox önəmli idi. Çoxdan görmədiyi dostlarını bu məclisdə görəcəkdi. O, təzə ayaqqabı və köynəyinə tez-tez baxır, ad gününü səbirsizliklə gözləyirdi. Nəhayət, həmin gün çatdı. O geyindi, güzgüdə özünə baxaraq evdən çıxdı. Hətta qənaət edib saxladığı pulu da yanında götürməyi unutmadı. Düşündü ki, birdən lazım olar.
Amma hadisələr heç də onun istədiyi kimi olmadı. Çayın üzərindəki körpüyə yaxınlaşanda bir qadının fəryadını eşitdi. Ana çayda boğulan balaca qızını xilas etmək istəyirdi.
Ayxan heç nə düşünmədən çaya atıldı. Qızı çaydan çıxardı. Həyəcandan söz tapa bilməyən ana Ayxana necə təşəkkür edəcəyini bilmirdi. Ayxan geri dönüb iti addımlarla onlardan uzaqlaşdı. O islanmış geyimini dəyişməli, ad gününə çatmalı idi. Əlini cibinə saldı. Pullar yox idi. Yəqin ki, çayda düşmüşdü. Evə çatıb paltarını dəyişdi. O bu dəfə evdən köhnə geyimdə çıxdı. Buna baxmayaraq, Ayxan əvvəlkindən daha xoşbəxt görünürdü.
Ayxanın hərəkətini necə qiymətləndirirsiniz? Onun özünü xoşbəxt hiss etməsinin səbəbi nə idi? Qızı boğulmaqdan xilas etməyə onu nə vadar etdi? Fikirlərinizi bildirin.
Mənəvi borc və vicdan insanın daxili hissləridir. İnsanın cəmiyyət, kollektiv və özü qarşısında mənəvi borcu vardır. Mənəvi dəyərlərə sahib olmaq çox vacibdir. Bu baxımdan əxlaqın rolu əvəzedilməzdir. Əxlaq insanlar arasındakı münasibətləri tənzimləyir. Mənəvi borc müəyyən şərtlərə tabe olmur, ona hər zaman əməl edilməlidir. Onu təkcə yaxınlarına qarşı deyil, bütün insanlarla münasibətdə əsas tutmaq lazımdır. Mənəvi borc şəraitdən, zamandan, milliyyətdən, şəxsiyyətdən və yerindən asılı olmayıb universal xarakter daşıyır.
Mənəvi borc və vicdan anlayışlarına yanaşma müxtəlifdir. Çünki cəmiyyətdə insanlar fərqlidirlər. İnsan öz borcunu yerinə yetirdikdə və ya vicdanla hərəkət etdikdə məmnun olur. Bu borc hissi qəbul edilmiş mənəvi dəyərlərə uyğun gəlməlidir. O, daim xeyirxahlığa doğru yönəlməlidir. Borcun könüllü surətdə yerinə yetirilməsi həmin şəxsin yüksək mənəvi şüurundan xəbər verir.