Bakıya qonaq gələn Daniyel vaxtının çox hissəsini şəhərin müxtəlif yerlərini gəzməyə sərf edirdi. O, şəhərin küçələrini gəzdikcə diqqətlə tikililərə baxır, onların üslubunu müəyyən etməyə çalışırdı. Axı Daniyel memar olmaq istəyirdi. İçərişəhərdə Şirvanşahlar sarayı, Qoşa qala qapıları, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, AMEA- nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, Səadət sarayı və digər binalar ona sirli və möcüzəli bir məkanı xatırladırdı. O, müxtəlif mədəniyyət üslubunda tikilən bu əhəmiyyətli tarixi abidələrə baxdıqca düşünürdü: “Bu tikililər niyə belə fərqlidir?”
Daniyelin düşüncələrinə münasibət bildirin. Tikililərin nə üçün fərqləndiyini izah etməyə çalışın.
Sizin əvvəlki siniflərdən dinlər və onların mədəniyyətlərdə öz əksini tapan mərasimləri barədə məlumatınız var. Bilirsiniz ki, dinlərin ortaq və oxşar cəhətləri vardır. Dini dəyərlər əxlaqımızda və mədəniyyətimizdə öz izini qoyur. Bütün dinlərin ortaq cəhəti insanları əxlaqlı və dürüst olmağa səsləməkdir. Bu cəhətlər mədəniyyətlərin formalaşmasında və mədəniyyətlərarası münasibətlərin yaranmasında mühüm rol oynamışdır.
Din mədəniyyətlərə təsir edərək memarlıq üslubundan tutmuş, bədii ədəbi nümunələrədək hər bir sahədə özünü göstərir. Dünyanın bütün ölkələrində dini dəyərlərə əsaslanan, insanları əxlaqa dəvət edən kitablar, müxtəlif bədii incəsənət nümunələri, əsərlər, filmlər və s. vardır.