İnsanlar yalanın nə qədər böyük bir günah olduğunu bilirlər. Onlar mümkün qədər yalandan qorunmaq məqsədilə nə yalan danışır, nə də yalana qulaq asırlar. Amma dilin bəlaları təkcə yalan danışmaqdan ibarət deyildir. Dilin başqa bəlaları da vardır. Sizcə, bunlar hansılardır?
Qeybət və iftira (böhtan) təhlükəli bəlalardandır.
İnsanlar haqqında deyilən yalan iftira hesab edilir. İftira da ruhun bir başqa “xəstəliyi”dir. İftira hər hansı bir şəxsə atılan böhtan və şərdir.
Qeybət bir insanın özü olmadığı yerdə onun xarici görkəmi, əxlaqi keyfiyyətləri, həyat tərzi ilə bağlı arxasınca xoşagəlməyən sözlərin danışılmasına, həmin şəxsin eşidəcəyi təqdirdə onun narahat olacağı, xətrinə dəyəcəyi söz-söhbətə deyilir.
İnsanlara böhtan atmaq, onlar haqqında iftira söyləmək, qeybət etmək günah sayılır. Çünki belə söz-söhbət insanlar arasındakı sevgi, məhəbbət, dostluq hisslərini zəiflədir, onları küskünlük, hətta düşmənçilik hissləri ilə əvəz edir. Bundan əlavə, nəinki sözlə, hətta davranış və mimikalarla belə başqasının nöqsan və çatışmazlıqlarını göstərmək, üzə vurmaq mənəviyyat və etik normalar baxımından düz deyil.
Başqalarını pisləmək üçün edilən qeybətdən alınan zövq başqalarını alçaltdığımız ölçüdə özümüzü ucaltdığımızı sanmaqdır.
Rene Dekart
Başqalarının sözlərini sənə çatdıran şəxs, bil ki, sənin də sözlərini onlara çatdırır.
Həsən əl-Bəsri
Qeybətə qulaq asan şəxs qeybət edən şəxs qədər günahkardır.
Ceyms Rendal