İlk dərs həftəsinin ikinci günüdür. Bu gün fizika dərsi var idi. Müəllim şagirdlərə 6-cı sinifdə keçdiklərini təkrarlatmaq məqsədilə suallar yazılmış vərəqələr payladı.
Vaqif gəminin üzməsi, yarpaqların günəşə doğru çevrilməsi, almanın ağacdan düşməsi, xizəkçinin qarlı yamacdan sürüşməsi, günəş şüalarının yeri isitməsi, ildırım çaxması və əlləri bir-birinə sürtdükdə onların qızması hadisələrini qruplaşdırmalı idi.
Sizcə, Vaqif bu hadisələri necə qruplaşdıra bilər?
Ətrafımızdakı cisimlərin bir qisminin hərəkətli, bir qisminin isə nisbi sükunətdə olduğunu həmişə müşahidə edirik. Həyat və hərəkət arasında sıx əlaqə vardır.
Canlılara xas olan əlamətlərdən biri məhz hərəkətdir. Bizə hərəkətsiz kimi görünən hər hansı bir obyekt, əslində mövcud olduğu sistemlə birgə hərəkətdədir. Bütün varlıqların hərəkətini adi gözlə müəyyən etmək bir qədər çətindir.
Hərəkət materiyanın mühüm xassələrindən biridir. Hərəkət materiyanın varlıq formasıdır.
Ətrafımızda baş verən mexaniki, istilik, işıq, səs hadisələrinin hamısı, hətta bizə hərəkətsiz görünən bitkilərin boy artması, yarpaqların işığa doğru, köklərin isə suya və torpağa doğru yönəlməsi hərəkətin mövcudluğu ilə əlaqədardır.
Bitkilər və digər canlıların hüceyrələrində su, mineral maddələr və bir çox üzvi maddələr hərəkət edir. Bu hərəkət nəticəsində canlılar qidalanır, tənəffüs edir, böyüyür və s.