Təbiətdə baş verən antropogen dəyişikliklər* əksər hallarda müsbət xarakter daşıyır. Lakin təbii proseslərə müdaxilə edən insan bir sıra hallarda təbiət qanunauyğunluqlarını pozur. Bu da arzuolunmaz fəsadlara səbəb olur.
Müasir dövrdə insanın ətraf mühitə mənfi və müsbət təsiri nədən ibarətdir?
Təbiətə düzgün yanaşmadıqda, təbii sərvətlərdən məqsədyönlü istifadə etmədikdə ona böyük ziyan vurulur. Təbiətə vurulan ziyan insanın özü üçün bəlaya çevrilir, onun sağlamlığı üçün təhlükə yaradır və mühitin dəyişməsinə güclü təsir edir.
Atmosferin çirklənməsinin sərhədi yoxdur. Nüvə silahının hər hansı bir ərazidə sınaqdan keçirilməsi qonşu ərazilərdə də radiasiyanın artmasına səbəb olur. Çünki güclü küləklər radiasiyaya məruz qalmış toz hissəciklərini uzaq məsafələrə yaya bilir.
Zəhərli maddələrin atmosferdə yayılmasında pestisidlərin** səpildiyi əkin sahələrinin də rolu az deyil. Belə halda zərərli maddələr küləklə uzaq məsafələrə yayılır və müxtəlif fəsadlar törədir.