Televiziya və mətbuatdan, eləcə də müxtəlif informasiya vasitələrindən tez-tez “Meşələr planetimizin “ağ ciyər"idir, meşələri qoruyun!" mövzusunda keçirilən tədbirlər haqqında eşidirik:
– Sizcə, nə üçün meşələri planetimizin “ağ ciyər"i adlandırırlar ?
– Meşələrin məhv olması nə üçün qlobal problem hesab olunur?
Respublikamızın meşə ilə örtülən ümumi ərazisi 12%-ə yaxındır. Ekoloqlar, alimlər müasir dövrümüzdə həyəcan təbili çalırlar ki, meşələr sürətlə qırılır. Ekoloji böhran get-gedə kəskinləşir. Bu isə ətraf mühitin qorunması sahəsində qlobal miqyaslı layihələrin həyata keçirilməsini tələb edir. Dünya alimləri meşələri təkcə xammal mənbəyi deyil, planetdə ekoloji vəziyyətin yaxşılaşdırılması üçün əsas mənbə hesab edirlər. Meşələr qırıldıqca bitki növləri tükənir, ətraf mühit çirklənir, qida rasionumuz kasıblaşır, bu isə insan orqanizmində müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.
Verilmiş nümunələri insanın meşələrə birbaşa və dolayı yolla təsirinə uyğun qruplaşdırın və bu təsirlərin nəticələrini müzakirə edin: ağacların qırılması, bataqlıqların qurudulması, tonqalların qalanması, qarışqaların məhv edilməsi, heyvanların ovlanması, yuvaların dağıdılması
Havanın oksigenlə zənginləşməsi, xəstəliktörədən bakteriyaların məhv olması, torpaq sürüşmələrinin qarşısının alınması, karbon qazının yarpaq vasitəsilə udulması nəticəsində havanın təmizlənməsi və s. meşənin nə qədər əhəmiyyətli olduğunu bir daha sübut edir. Ancaq təəssüf ki, insanlar həm birbaşa, həm də dolayı yolla meşələrin məhvinə səbəb olurlar.