Uğur Azərbaycanda doğulub. O, ölkənin paytaxtı Bakıda yaşayır. Xalası qızı İnci azərbaycanlı olsa da, Moskvada doğulub və orada böyüyüb. Azərbaycana qonaq gələn İnci Uğurdan ölkəmiz haqqında məlumat verməyi xahiş etdi. Uğur ona tarixi yerlərimiz və dövlətimiz haqqında məlumat verdi.
Siz də dövlətimiz haqqında bildiklərinizi sinif yoldaşlarınızla müzakirə edin.
Azərbaycan çox qədim dövlətçilik ənənələrinə malik olan ölkələrdən biridir.
Azərbaycan ərazisində yaranmış ilk dövlət Mannadır. Üç yüz ilə yaxın bir müddət ərzində mövcud olmuş bu dövlət süqut etdikdən sonra Azərbaycan ərazisində yeni dövlətlər yarandı.
Strateji baxımdan olduqca böyük əhəmiyyət kəsb edən, zəngin təbii sərvətlərə malik olan Azərbaycan torpaqları daim yadelli işğalçıların basqınlarına məruz qalmışdır. Lakin bir-birini əvəz edən bu yürüşlər dövlətçilik ənənəmizə mane ola bilməmiş, torpaqlarımızda yaranmış dövlətlər iqtisadi, siyasi və mədəni yüksəlişə nail olmuşdur.
Azərbaycan ərazisində yaranmış hansı dövlətləri tanıyırsınız? Manna dövlətinin idarəetmə formasını xatırlayın və münasibət bildirin.
XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün yeni bir tarixi mərhələsinə qədəm qoydu. I Şah İsmayıl Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi. Mərkəzləşmiş Azərbaycan Səfəvilər dövləti xalqımızın tarixində böyük rol oynadı. Dövlətin başında Səfəvilər sülaləsinin nümayəndələrindən olan hökmdarlar dururdu.
1828-ci ildə Rusiya və İranın işğalçılıq siyasəti nəticəsində torpaqlarımız iki hissəyə bölündü. Azərbaycanın şimalı Rusiyanın, cənubu isə İranın tabeliyinə düşdü. Şimali Azərbaycanda 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yarandı və bu cümhuriyyət müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi oldu.