Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Xalqımız səsvermə yolu ilə onu özünə rəhbər seçib.
Bəs, görəsən, dünyanın bütün dövlətlərində bu belədirmi? Gəlin birgə müəyyən edək.
Dövlətin idarəetmə forması dedikdə aşağıdakılar nəzərdə tutulur:
Dövlət başçısının funksiyası, dövlət orqanlarının necə yaranması, səlahiyyətlərin bölgüsü və s.
Bu baxımdan bütün dövlətlər monarxiya və respublikaya bölünür.
Monarxiyada* hakimiyyət dövlət başçısının - monarxın əlində cəmləşir. Bu ali hakimiyyət, adətən, irsi olur. Monarx (çar, kral, şah) təkbaşına dövləti, hakimiyyəti idarə edir. Müəyyən zaman keçdikdən sonra bu idarəçilik sistemində də bir sıra dəyişikliklər baş vermişdir. Ona görə də monarxiya idarəçiliyinin özü də mütləq və məhdud monarxiyaya (konstitusiyalı monarxiya) bölünür.
Mütləq monarxiyada ali dövlət hakimiyyəti bütövlükdə bir şəxsə (çara, şaha, imperatora) məxsusdur. Monarxın səlahiyyətlərini məhdudlaşdıran dövlət orqanı yoxdur. O özü qanunlar və qərarlar qəbul edir. Səudiyyə Ərəbistanını buna misal göstərmək olar.
*Monarxiya – təkhakimiyyətlilik