Kompüterdə hər hansı bir qovluğu açın və orada olan obyektləri gözdən keçirin.
Nəticəni müzakirə edək:Kompüterdə bütün proqram və verilənlər fayllarda saxlanılır. Fayl müəyyən daşıyıcıda (məsələn, diskdə, maqnit lentində) bir ad altında saxlanılan hər hansı informasiyadır. Bu, mətn, şəkil, proqram, videogörüntü və s. ola bilər. Faylda informasiya kodlaşdırılmış şəkildə saxlanılır. Fayla elə ad vermək lazımdır ki, həmin adla verilənləri asanca tapmaq mümkün olsun.
Faylın adı iki hissədən ibarət olur: adın özündən və faylın tipini göstərən uzantıdan. Faylın adında hərf və rəqəmlərdən istifadə etmək olar. Məsələn: “İnformatika-7”, “Lesson1”, “sgfg123”, “Bölüm_1”. Bəzi simvolların xüsusi təyinatı olduğundan onlardan faylın adında istifadə etmək olmaz.
Faylın tipi orada saxlanılan verilənlərin tipini göstərir. İnsanın soyadı kimi, faylın tipinə görə orada saxlanılan verilənlər haqqında fikir yürütmək olar: o, mətn, qrafika, səs, yaxud proqramdır. Çox hallarda “faylın tipi” deyil, “faylın uzantısı” anlayışından istifadə olunur.