MÖVZU 4
OPERETTA VƏ MUSİQİ OBRAZI
“Arşın mal alan” Üzeyir Hacıbəylinin sonuncu və ən məşhur operettasıdır. Bu operettadan əvvəl bəstəkar “Ər və arvad”, “O olmasın, bu olsun” musiqili komediyalarının müəllifi idi.
“Arşın mal alan” operettasının həyatdan götürülmüş maraqlı süjet xətti var. Operettanın baş qəhrəmanı Gülçöhrə öz hüquqları uğrunda mübarizə aparan Azərbaycan qızlarının ümumiləşdirilmiş obrazıdır. Operettanın digər qəhrəmanı Əsgər evlənəcəyi qızı özü seçmək istəyən gənc tacirdir. Tacir Əsgərin dostu Süleyman vəziyyətdən çıxış yolu tapır. Onun məsləhəti ilə tacir Əsgər kasıb arşınmalçıya çevrilir və arşın malı satmaq üçün girdiyi həyətlərin birində Soltan bəyin qızı Gülçöhrə ilə qarşılaşır.
Musiqi dinləyək
Üzeyir Hacıbəyli.
“Arşın mal alan” operettasından Əsgərin ariyası
Operettada Süleyman, Asya, Soltan bəy, Cahan xala, Telli və Vəli kimi qəhrəmanların da maraqlı musiqili obrazları yaradılmışdır. Nökər Vəli və qulluqçu Tellinin oxuduqları duetdə onların yumorla yoğrulmuş məhəbbət etirafları öz əksini tapır.
Musiqi dinləyək
Üzeyir Hacıbəyli.
“Arşın mal alan” operettasından Vəli və Tellinin dueti