MÖVZU 5
AZƏRBAYCAN MAHNILARINDA MƏKAN OBRAZI
Mahnı xalqın ən çox sevdiyi musiqi janrıdır. Mahnılarda xalqın zəngin mənəvi aləmi, arzu və ümidləri əks olunur. Xalq mahnıları musiqi ifaçıları tərəfindən yaradılır, ağızdan-ağıza keçərək yayılır, xalqın yaddaşına əbədi həkk olunur. Bəstəkar mahnılarını bəstəkarlar bəstələyirlər.
Mahnılar müxtəlif mövzuları əhatə edir. Onların arasında məkan, yer mövzusunda olan mahnılar üstünlük təşkil edir. Belə mahnılarda təsvir edilən məkanın iqlimi, maddi-mədəni irsi, təbii sərvətləri, adət-ənənələri, fauna və florası tərənnüm edilir.
“Şuşanın dağları”
Musiqisi və sözləri Xan Şuşinskinindir.
Xan Şuşinskinin “Şuşanın dağları” mahnısını dinlədikcə zəngin və şanlı tarixi keçmişə malik qədim Şuşamızın uca dağları, yaşıl meşələri, bir sözlə, Qarabağ təbiətinin bütün gözəlliklərini özündə əks etdirən məkan göz önündə canlanır.
1992-ci il mayın 8-də Ermənistan işğalçı qüvvələrinin zəbt etdiyi Şuşa şəhəri - 28 il 6 ay sonra, 2020-ci ilin 8 noyabrında işğaldan azad olundu.
“Naxçıvan”, “Mən gedirəm Zəngilana”, “Qubanın ağ alması”, “Dağıstan dağ yeridir”, “Tiflisin yolları”, “Qarabağın yollarına düşəydim”, “Aranda qaldım”, “Qarabağda bir dənəsən”, “Şuşanın ceyranı” və s. mahnılar da vətənimizin müxtəlif bölgələrinə həsr edilmişdir.