MÖVZU 11
PROQRAMLI MUSİQİ VƏ MUSİQİ OBRAZI
Bəstəkar Cövdət Hacıyev simfonik orkestr üçün simfoniyaların, “Vətən” operasının (Qara Qarayev ilə birgə bəstələdiyi), “Sülh uğrunda” simfonik poemanın, kamera-instrumental və fortepiano üçün əsərlərin, xor əsərlərinin müəllifidir. Bəstəkar uşaqlar üçün proqramlı, yəni əvvəlcədən adı məlum olan “Musiqi lövhələri” adlı fortepiano pyesləri silsiləsini yaratmışdır. Bu fortepiano silsiləsi səkkiz kiçikhəcmli pyesdən — “Gəzinti”, “Əfsanə”, “Zarafat”, “Nağıl”, “Etüd”, “Marş”, “Lirik rəqs”, “Epiloq”dan ibarətdir.
Musiqi dinləyək
Cövdət Hacıyev.
“Musiqi lövhələri” silsiləsindən “Marş”
Dinlədiyimiz bu fortepiano pyesində cəsarətli addımlarla hərəkət edən məktəblilər təsvir edilir. Musiqinin dəqiq ritmi, sadə melodiyası, xalq musiqisinin intonasiyalarına oxşarlığı onun başa düşülməsini asanlaşdırır.
Rus bəstəkarı Modest Musorqskinin yaradıcılığında da “Sərgidən şəkillər” adlı fortepiano pyesləri silsiləsi var. Rəssam Viktor Qartmanın sərgisində gördüyü təsviri incəsənət əsərlərindən ilhamlanan Modest Musorqski bu silsiləni yaratmışdır. Əsər Proqramlıdır və on bir fortepiano pyesindən ibarətdir. “Sərgidən şəkillər” silsiləsində on bir təsviri sənət nümunəsindəki obraz öz musiqi təsvirini tapmışdır.