MÖVZU 15
QARA QARAYEVİN «YEDDİ GÖZƏL»
BALETİNİN DRAMATURGİYASI
Bəstəkar Qara Qarayevi dahi Nizaminin yaradıcılığı ilə birləşdirən onun “Yeddi gözəl” baleti və “Leyli və Məcnun” simfonik poeması olmuşdur. Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan beş poemadan birinin motivləri əsasında yazılan “Yeddi gözəl” baleti 1952-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulmuşdur. Tamaşanın rejissoru və baletmeysteri Pyotr Qusev, baletin səhnələşdirilməsində məsləhətçi Xalq artisti Qəmər Almaszadə olmuşdur.
Baletin qısa məzmunu belədir: Bəhram şah ov edərkən ovçu Mənzərin evinə gəlib çıxır. Elə bu vaxt şaha düşmənin hücum xəbəri çatır. Mənzər Bəhram şahla birlikdə döyüşə yollanır. Vəziri Bəhram şahı öldürmək üçün yollar axtarır. Mənzər şahı ölümdən xilas edir. Şah isə Mənzəri və onun silahdaşlarını zindana atır. Mənzərin bacısı Ayşə saraya gəlir. Şahdan xahiş edir ki, qardaşı Mənzəri və onun dostlarını azad etsin. Şah Ayşəni qətlə yetirir.
Mənzər və onun silahdaşları zindandan qaçırlar. Şahın adamları kəndlilərin zəmisinə od vurur. Xalq ayağa qalxır. Bəhram şah ölkədən qovulur.
Musiqi dinləyək
Qara Qarayev.
«Yeddi gözəl» baletindən «Adajio»
“Adajio”da Ayşənin xarakteri təsirli melodiyada öz əksini tapır. Ağır tempdə səslənən rəqsin melodik elementləri Ayşənin ölüm səhnəsinə qədər bir neçə dəfə yada salınır. Yəni bir növ ana xətti rolunu oynayır.