MÖVZU 30
MUSİQİDƏ BAYRAM MÖVZUSU
28 may 1918-ci il müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən 28 may Respublika Günü — dövlət müstəqilliyi bayramı kimi qeyd edilir.
Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti bolşeviklərin hücumuna məruz qaldı. Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. İllər ötdü... Xalqın azadlıq arzusu sönmədi. İstiqlal ideyası yeniləndi və 1991-ci ildə Sovet imperiyasının dağılması ilə Azərbaycan bir daha öz müstəqilliyini elan etdi.
Məhz bundan sonra xalqımız hər il 28 mayı Müstəqillik Günü kimi bayram edir.
Musiqi dinləyək
AZƏRBAYCAN RESPUBLİKASININ
DÖVLƏT HİMNİ
Azərbaycan Respublikasının Dövlət Himni Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin rəmzidir. Himnimizə dərin ehtiram bəsləmək hər bir vətəndaşın müqəddəs borcudur.
Hər birimiz Azərbaycan Respublikasının Dövlət Himnini ayaq üstə dinləməli və oxumalıyıq.