Hər hansı hadisənin baş verməsinin qiymətləndirilməsi çox önəmlidir. Yəni, məsələn, atmosfer təzyiqini, küləyin sürətini və istiqamətini, əvvəlki günlərin hava temperaturunu və s. bu kimi məlumatları nəzərə almaqla sabah havanın necə olacağı proqnozlaşdırılır, başqa sözlə, ehtimal edilir.
Hadisələrin baş verməsini qiymətləndirmək üçün müşahidə və ya təcrübəyə əsaslanırlar, yəni statistik məlumatlar toplayırlar. Aparılan hər hansı təcrübənin, müşahidənin nəticəsi elementar hadisə adlanır.
Məsələn, 50 qəpiklik metal pulu atma sınağı apararkən iki elementar hadisə baş verir: “xəritə” şəkli olan üzün düşməsi hadisəsi və “neft buruqları” şəkli olan üzün düşməsi hadisəsi. Bu hadisələrdən hər hansı birinin baş verməsi eyniimkanlıdır. Beləliklə, bu sınaqda mümkün halların sayı ikidir. Metal pulun arzuolunan üzünün (məsələn, xəritə) düşməsi hadisəsi isə əlverişli elementar hadisə və ya əlverişli hal adlanır.
Hadisənin ehtimalı P hərfi ilə işarə edilir. A hadisəsinin ehtimalı P(A) şəklində yazılır (və ya P hadisənin adı, ya da işarəsi yazıla bilər, məsələn: P(yağış)).
50% = 0,5 ədədi metal pulun arzuolunan üzünün (xəritə) düşməsi hadisənin ehtimalıdır.
Ehtimal edilən ədəd təcrübə nəticəsindən fərqlənə bilər. Buna səbəb hadisəyə çoxlu sayda nəzərə alınmayan amillərin təsiridir. Təcrübə sayını artırdıqca hadisənin başvermə tezliyi ehtimalın qiymətinə yaxınlaşır.
Təcrübə: 50 qəpiklik metal pulu 10 dəfə atırıq. Hər dəfə düşən üzlərin sayını aşağıdakı cədvəldə qeyd edirik. Nə baş verdi? Xəritə üzünün düşməsi hadisəsi neçə dəfə baş verdi?
Hadisələrin sayı | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
Xəritə olan üzü | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ||||
Neft buruqları olan üzü |
✓ | ✓ | ✓ | ✓ |
Təcrübədən göründüyü kimi, pulun yerə düşmə hadisəsi 10 dəfə baş verdi. Bu mümkün hal hesab edilir. Xəritə olan üzün düşməsi əlverişli hal hesab edilir və 6 dəfə baş verdi.