İki a və b düz xətləri kəsişdikdə təpəsi kəsişmə nöqtəsində olan dörd bucaq əmələ gəlir. Bucaqlardan biri 90° olarsa, bu düz xətlər perpendikulyar düz xətlər olur (şəkil 1).
a və b düz xətlərinin perpendikulyarlığı a ⊥ b kimi yazılır.
Tutaq ki, a düz xətti və onun üzərində olmayan A nöqtəsi verilib (şəkil 1). A nöqtəsindən a düz xəttini H nöqtəsində kəsən elə AH düz xətti çəkək ki, onlar arasındakı bucaq 90° olsun. Bu halda AH parçası perpendikulyar adlanır. H nöqtəsi perpendikulyarın oturacağı adlanır. Şəkil 1-ə əsasən AH ⊥ a.
AH-ın uzunluğu A nöqtəsindən a düz xəttinə qədər məsafə adlanır.
A nöqtəsindən a düz xəttinə çəkilmiş və a düz xəttini 90°-dən fərqli bucaq altında kəsən AB parçası mail adlanır. Bu iki düz xəttin B kəsişmə nöqtəsi AB mailinin oturacağı adlanır. ∠ ABH - meyil bucağıdır. Bir nöqtədən bir düz xəttə sonsuz sayda mail çəkmək olar.
Mailin oturacağı ilə (B nöqtəsi ilə) perpendikulyarın oturacağını (H nöqtəsi) birləşdirən parça mailin a düz xətti üzərindəki proyeksiyasıdır. Şəkil 1-də BH parçası AB mailinin a düz xətti üzərindəki proyeksiyasıdır.
Eyni nöqtədən a düz xəttinə çəkilmiş istənilən mailin uzunluğu perpendikulyarın uzunluğundan böyükdür: AB>AH