16-cı mövzu
Kütləşmiş mətbəx bıçağının kəsən kənarına (tiyəsinə) lupa altında baxdıqda onun dəyirmi olması nəzərə çarpır. Bıçaq uzun müddət işlədildikdə dəyirmilik artır və onun tiyəsi daha da kütləşir. Kütləşmiş bıçaqla kəsmək çətindir, o lifləri büzüşdürür və pis kəsir. Buna görə də kütləşmiş bıçağın tiyəsini mütləq itiləmək lazımdır.
Mətbəx bıçağını necə itiləmək olar? |
Bıçağı itiləmə (bülövləmə) dəzgahlarında və ya əl ilə itiləyirlər (şəkil 1).
Əl itiləmə dəzgahının əsas hissəsini vala oturdulmuş cilalayıcı bülöv daşı təşkil edir. Bu daş dəstəyin köməyi ilə fırlanır (şəkil 1, a). Elektrik itiləmə dəzgahında isə daş elektrik mühərrikinin köməyi ilə fırlanır (şəkil 1, b). Bıçağı elektrik itiləmə dəzgahında itilədikdə (şəkil 2) kəsən hissəni itilənən səthdən öndə elə tutmaq lazımdır ki, hava axını onu üfürsün. Tiyənin göyərməsi metalın möhkəmliyinin itirilməsinin göstəricisidir. Çünki itiləmə zamanı bıçaq qızır, kütləşir və öz funksiyasını itirir.
Bir məsələni nəzərə almaq lazımdır ki, bıçağı itilədikdə onun tiyəsini daşın fırlanma istiqamətinin əksinə tutmaq olmaz. Bu, çox təhlükəlidir. Ona görə də müəllimin itiləməni necə yerinə yetirdiyini diqqətlə izləyin.
Yaddan çıxarmaq olmaz ki, məktəb emalatxanalarında bıçağın itilənməsini yalnız müəllim yerinə yetirə bilər! Bıçağı itiləyən zaman onu iki əllə tutmaq və kəsici kənarı boyu rəvan hərəkət etdirmək lazımdır. Tiyənin qızmaması üçün onu vaxtaşırı suda soyutmaq lazımdır.