14-15.
GEYİMİN CƏMİYYƏTDƏ ROLU
İncəsənətə dair dialoq
Müxtəlif üslubların inkişafını (antik, bizans, qotik və s.) memarlıqdan başqa daha hansı sənətlərdə izləmək olar?
Qədim dövrlərdən bu günə kimi geyimdə nələr dəyişib?
İbtidai icma dövründə insanlar ilk dəfə bədənlərini yağışdan, soyuqdan, günəş şüalarından və s. qorumaq üçün paltar geyinməyə başlayıblar. Qədim insanlar geyim vasitəsilə hansı qəbiləyə və ya qrupa mənsub olduqlarını ifadə ediblər.
Müxtəlif xalqların mədəniyyətinin inkişafında heç bir əşya geyim kimi çoxsaylı forma və funksiya müxtəlifliyinə malik olmayıb.
Geyim dəsti (kostyum) - cəmiyyətdə insanın fərqləndirici əlamətlərindən biri olmaqla yanaşı, onun aid olduğu ölkəni, xalqı, dövrü, cəmiyyətdəki mövqeyini, həmçinin həyat tərzini və peşəsini ifadə edib.
İtalyan dilindən tərcümədə “kostyum” sözü adət, ənənə deməkdir.
“Tarixi geyim” və “milli geyim” anlayışları bir-biri ilə bağlı olsa da, fərqlənir. Milli və xalq geyimləri dövlətlərin coğrafi sərhədlərindən və bir çox digər amillərdən asılı olaraq mövcud olmuşdur.
Tarixi geyim - xüsusilə orta əsrlərin sonlarından başlayaraq, modaya1 tabe olmaqla, az və ya çox “dəyişən geyimlərdir”. Hər bir ölkənin müxtəlif dövrlərdə özünəməxsus xüsusiyyətləri, adət-ənənələri və geyimləri mövcuddur.
Qədim xalqların geyimləri nə ilə fərqlənir? Onlar insanlar haqqında nə “danışır”?
1 Moda (dəb) (fransız dilində “mode” - ölçü, obraz, üsul, qayda, göstəriş deməkdir) - həyat və mədəniyyətin hər hansı bir sahəsində müəyyən üslubun müvəqqəti hökmranlığıdır.