24-25.
MEBELDƏ DİZAYN VƏ DEKOR
İncəsənətə dair dialoq
Geyimdən başqa daha hansı sənətlər memarlıq üslublarının inkişafı ilə bağlıdır?
Fikrinizcə, ilk mebel necə yaranıb?
Orta əsrlərə aid sənət əsərləri dekorativ-tətbiqi sənət nümunələrinin forma zənginliyi haqqında geniş məlumat verir. Onun xüsusi sahələrindən biri olan mebel, (latınca, “çevik” deməkdir) memarlıq üslublarının tarixi ilə sıx bağlıdır.
Mebel sənətinin inkişafında cəmiyyətdə mövcud olmuş müxtəlif sosial-məişət qaydaları, onun maddi-mədəniyyət nümunələri, adət-ənənələri, ictimai baxışları, zövqü öz əksini tapmışdır. Mebel üslubları - əşyanın forma və hissələrinin, ölçü və nisbətlərinin, rəsm və tərtibatının məcmusudur. Hər bir dövrdə mebelin müxtəlif forma və tipləri, həmçinin emal və bəzək üsulları yaradılmışdır.
Bəşər tarixində ilk mebel - müxtəlif əşyaların saxlanması üçün istifadə olunmuş, ağac gövdəsindən olan dolab-novdan idi. Bir qədər sonra, insanlar taxtadan yeşiklər hazırlamışlar, onu örtmək üçün qapaq hazırladıqdan sonra isə ilk sandıq yaranmışdır. Sandıqdan yalnız əşyaların saxlanması üçün deyil, eyni zamanda oturacaq və çarpayı kimi də istifadə olunmuşdur. Uzun əsrlər sandıq dəbdə qalmış, var-dövlət rəmzi hesab olunmuş, hətta gəlinin cehizləri sandıqlara yığılıb, gənclərə hədiyyə verilirmiş.