Xoşbəxtliyi öz daxilində tapa bilmirsənsə, onu başqa yerdə axtarma.
İki çarpayı və həyatla ölüm arasında mübarizə aparan iki xəstə... Çarpayılardan biri pəncərənin qarşısında, o biri isə divarın dibindədir. Pəncərə qarşısında yatan xəstə səhərdən axşama qədər bayıra baxaraq gördüklərini yoldaşına danışırdı: “Bu gün dəniz dünənkindən daha sakitdir. Külək də dünənki kimi əsmir. Dənizdə üzən ağ yelkənlər sanki su sonalarıdırlar. Parkda hələ ki heç kim yoxdur. Yelləncəklər də boşdur. Budur, keçən həftə gələn sevgililər yenə buradadırlar. Skamyalardan birində əyləşdilər. Gözlərini bir-birlərindən çəkmirlər. Oğlan pıçıltı ilə qıza nəsə danışır. Nə qədər də bir-birlərinə yaraşırlar. Kaş ki öz gözlərinlə görəydin. Qızılgüllər bu gün sanki bayram edirlər. Elə açıblar ki, hər tərəf qırmızı rəngə boyanıb. Alça ağacları da gəlin kimi başdan-ayağa ağa bürünüb. İndi də parkın bəzəyi uşaqlar gəldilər. Əllərində rəngbərəng çərpələnglər var. Sanki çərpələngləri yox, ümidlərini uçururlar. Bu gün qağayıların da kefi kökdür. Mavi dənizin üzərində o yan-bu yana uçurlar...”
Günlər beləcə keçib gedir, xəstə isə hər gün pəncərədən gördüklərini yoldaşına danışırdı.
Bir gün pəncərənin yanındakı xəstənin ürəyi tutdu. Əgər palatadakı xəstə düyməni basıb həkimi çağırsa idi, bəlkə də, yoldaşını xilas edə bilərdi. Ancaq o, bunu vaxtında etmədi. Düşündü ki, yoldaşı öləndən sonra pəncərənin qarşısındakı çarpayı boşalacaq və onu bu çarpayıya köçürəcəkdilər. Beləcə, o, bu günə qədər qulaqları ilə eşitdiklərini gözləri ilə görəcəkdi. Çox keçmədi ki, yoldaşı öldü. Ertəsi gün onu pəncərənin qarşısındakı çarpayıya köçürdülər. Artıq gözlədiyi an gəlib çatmışdı.
Həyəcanla pəncərədən bayıra baxdı. Ancaq... Ancaq bayırda qapqara divardan başqa heç bir şey yox idi...