1
“COĞRAFİ OBYEKTLƏRİN ADLARI HAQQINDA”
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Bu Qanun Azərbaycan Respublikasında coğrafi obyektlərə ad verilməsi, onların adlarının dəyişdirilməsi,
dəqiqləşdirilməsi, işlədilməsi, qeydiyyatı, uçotu və qorunub saxlanılması sahəsindəki fəaliyyətin hüquqi
əsaslarını müəyyən edir.
Maddə 1. Əsas anlayışlar
- 1.0. Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edirlər:
- coğrafi obyektlər - təbii və antropogen mənşəli, bütöv və nisbətən
sabit ərazi törəmələri: materiklər, okeanlar, dənizlər, körfəzlər, boğazlar, adalar,
yarımadalar, dağlar, zirvələr, meşələr, çaylar, göllər, buzlaqlar, səhralar, vulkanlar və digər
təbiət obyektləri; milli parklar, təbiət qoruqları və bu kimi digər obyektlər; şəhərlər,
rayonlar, şəhər rayonları, qəsəbələr və kəndlər; hava və dəniz limanları, dəmiryol stansiyaları;
- coğrafi obyektlərin adları - coğrafi obyektlərin tanınması və bir-birindən fərqləndirilməsi məqsədilə onlara verilən adlar;
- coğrafi obyektlərin adlarının müəyyənləşdirilməsi - coğrafi obyektlərin
mövcud adlarının aydınlaşdırılması, coğrafi obyektlərə ad verilməsi və onların adlarının
dəyişdirilməsi;
- coğrafi obyektin adının dəqiqləşdirilməsi - coğrafi obyektin daha çox
istifadə edilən adının seçilməsi və həmin adın yazılışının Azərbaycan Respublikasının dövlət
dilinin normalarına uyğunlaşdırılması;
- ekzonim - Azərbaycan Respublikasının ərazisində yerləşən coğrafi
obyektin adının xarici dillərdə istifadə edilən və Azərbaycan Respublikasının dövlət dilindən
fərqli olan forması.
Maddə 3. Qanunun əhatə dairəsi
3.1. Bu Qanun Azərbaycan Respublikasının ərazisində yerləşən coğrafi obyektlərin, habelə Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa cür nəzərdə tutulmayıbsa, Azərbaycan
tədqiqatçıları tərəfindən kəşf edilmiş coğrafi obyektlərin adlarının müəyyənləşdirilməsi,
dəqiqləşdirilməsi, işlədilməsi, qeydiyyatı, uçotu və qorunub saxlanılması üzrə fəaliyyətə şamil edilir.