Ayın axırlarında Dəlmə bağlarına köçdük. Dadlı bol meyvələri ilə tanınan Dəlmə bağları İrəvanın yaxınlığında - Zəngi çayı dərəsindən yuxarı göz işlədikcə uzanan yaşıl vadidə salınmışdı. Bütün günü yaşıl təbiətlə təmasda, sərçə kimi ağacdan-ağaca qonar, şirələnən meyvələrdən yeyərdik. Axşam şam yeməyindən sonra süfrəni yığışdıran nənəm qaranlıq düşməmiş bizi yatmağa göndərərdi. Biz isə qaya parçalarından tikilmiş bağ evində, döşəmədə salınmış yerimizdə yatmalı idik. Dayım oğlu buna yaxşı bir çarə tapdı. Biz gündüz iri işıldaböcəklər tapıb başımızın üstündə qayanın çıxıntısına düzər, onların yaşıl işığında kitab oxuyardıq. Beləcə, günümüz xoş keçərdi.
Babam Əhmədin yeniyetmə çağları Şahablı kəndində keçmişdi. Bir gün Baba Şahablı kəndi haradadır deyə soruşdum. Bir an üzümə baxdı sonra kəndi göstərirmiş kimi sağ əlini qaldırıb dedi Ay bala Şahablı İrəvanın ən ucqar dağ kəndidir.
Babam indiki Ermənistan ərazisini İrəvan adlandırar, həmişə deyərdi: “İrəvan bizimdir, gavurlar bu yerlərə gəlmədi”.
Babam Şahablı kəndi, onun ağır illəri, mərd insanların taleyi və hünəri, şirinli-acılı günləri haqqında danışmağa başladı.
1918-ci ildə Ermənistanda daşnak hakimiyyəti yarandı. Daşnak hakim dairələri “Türksüz Ermənistan” siyasəti yürüdür, hər yerdə azərbaycanlı kəndlərinə hücum edir, qırğınlar törədir, əhalinin mal-mülkünü talayırdılar. Levon adlı erməni daşnak hakim dairələrinin tapşırığını yerinə yetirməklə yanaşı, gələcəkdə özünün burada yaşaması üçün münasib bir yer axtarırdı. Şahablıdan başqa heç bir kənd onun ürəyinə yatmırdı. 1 Bir gün o, kəndin kənarında dəstəsi ilə dayanıb durbinlə ətrafa baxır, burada məskən salacağı ilə bağlı planlar qururdu. 2 Levon fikirli-fikirli köməkçilərinə dedi:
- Kəndi hücumla almaq olmaz, siyasət işlətmək lazımdır.
O, kəndin ağsaqqalları Aslan xan və Kərbəlayi Qəhrəmanla görüşdü.
- Sizə səlahiyyətli nümayəndə kimi bildirmək istəyirəm ki, kənddə qayda-qanun yaratmalıyıq. Silahlar hökumətə təhvil verilməlidir. Vəziyyəti camaata başa salın, hökumətlə hökumətlik etmək olmaz.
- İnşallah, - deyə Kəblə Qəhrəman söhbəti başa çatdırdı.
Levon görüşdən məmnun qalsa da, nigaran idi: görəsən, bu işin öhdəsindən gələ biləcəkmi? 3 O, fikirli-fikirli öz dəstəsini Dəhnəz kəndinə sarı apardı.