IV. Genetika
Genetika irsiyyət və dəyişkənlik
haqqında elmdir. Monohibrid çarpazlaşma
Canlıların özlərinə bənzər nəsil verdiyi məlumdur. Ancaq əlamətlərin nəsildən-nəslə necə keçdiyi, oxşarlıqların və fərqlərin necə yarandığı xeyli müddət sirr olaraq qalırdı. Uzun araşdırmalardan sonra alimlər bu sirləri açmağa başladılar və beləliklə, genetika elmi yarandı.
1) Nəyə görə yeni orqanizm valideynlərlə tam eyni olmur?
2) Sizin ata-ananızla, bacı-qardaşınızla oxşarlıq və fərqlərinizin səbəbi nədir?
3) Yaxın qohumlarınızla hər hansı bir oxşarlığınız varmı?
4) İnsanlar niyə bu qədər fərqli görünüşə malikdir?
Hibridləşmə hələ XVIII əsrdən öyrənilməyə başlanmışdır. 1760-cı ildə alman botaniki İosif Kelyerter bir bitkinin tozcuğu ilə həmin növə aid digər sortdan olan bitkini tozlandırmışdı. Alınan yeni bitki sortu hər iki bitkinin xüsusiyyətlərinə malik olmuşdur. Alim bunun səbəbini izah edə bilməmişdir.
Bunu ilk dəfə izah edən çex alimi Qreqor Mendel olmuşdur. Mendelin işləri öz riyazi dərinliyi və dəqiqliyi ilə fərqlənir. Vyana Universitetinin riyaziyyat və biologiya fakültəsində təhsil alan, kilsədə rahiblik edən alim kilsənin bağçasında noxud bitkisi üzərində 10000-dən çox təcrübə aparmışdır.