Maddələr dövranı
MYer üzərində canlı və cansız varlıqlar arasında qarşılıqlı təsirlər vardır. Hər bir canlı varlıq yaşadığı ekosistemdən bəzi maddələri alır, bəzi maddələri isə xaric edir. Bu isə ekosistemin mövcudluğuna və orada tarazlığın qorunmasına səbəb olur.
Ekosistemdə bəzi maddələr qida zənciri vasitəsilə yerlərini dəyişir. Bütün bunlar təbiətdə baş verən maddələr dövranının əsasını təşkil edir.
• Maddələr dövranının hansı növləri vardır?
• Prosudent, konsument və redusentlər maddələr dövranının həyata keçirilməsində nə kimi rol oynayır?
• Maddələr dövranının pozulma səbəbləri hansılardır?
• Təbii dövranın intensiv getməsi üçün nə etmək lazımdır?
Təbiətdə maddələrin bioloji dövranı planetin biokütləsinin həyat fəaliyyəti ilə bağlıdır. İstənilən biogeosenozda müxtəlif növlərin populyasiyaları arasında mürəkkəb qarşılıqlı əlaqələr mövcuddur. Canlılar bir-biri ilə və cansız təbiətlə əlaqəli şəkildə maddələr dövranına qoşulurlar. Beləliklə, canlı orqanizmlərin tərkibinə daxil olan su və bütün elementlərin dövranı baş verir. Bunlardan bir neçəsini nəzərdən keçirək.
Oksigenin dövranı. Canlıların orqanizmində olan kimyəvi maddələrin tərkibində olan əsas kimyəvi elementlərdən biri də oksigendir. Təbiətdə oksigen dövranının əsas mənbəyi havada rast gəlinən oksigen qazıdır. Oksigen dövranının həyata keçirilməsində canlıların həyat fəaliyyəti və üzvi qalıqlar mühüm rol oynayır.