Canlılarda qıcıqlanma
MKüsdüm bitkisində şiddətli külək, zədələnmə, yüksək temperatur, işıq intensivliyinin dəyişməsi, yarpaqlara edilən mexaniki təsir yarpaqların ani olaraq bükülməsinə səbəb olur. Bitkinin gövdəsinə təsir etdikdə isə bu proses əksinə gedir.
Yem axtaran heyvan düşməninin yaxınlaşdığını görəndə bir anlıq dayanır və sonra sürətlə qaçmağa başlayır.
Qeyd olunanlar arasında oxşarlıq varmı? Bu prosesləri necə adlandırmaq olar?
Canlılar yaşamaq üçün mühit amillərinə müəyyən reaksiyalar verir və qarşılarına çıxan maneələri dəf etməyə çalışırlar. Maneələri dəf etmək qabiliyyətləri olmadıqda onlar məhv olurlar. Məsələn, üzməyi bacarmayan insan dərin su hövzəsinə düşərsə, onun boğulma ehtimalı daha çoxdur.
Müasir dövrdə mövcud olan bütün canlılar mühitə uyğunlaşaraq bu günə qədər yaşaya bilmişlər. Canlılar aləminin bütün nümayəndələrinin hər hansı bir təsirə qarşı verdiyi cavab reaksiyası qıcıqlanma adlanır. Qıcıqlanmanın daxili və xarici forması vardır. Qanda tiroksin hormonunun miqdarı artanda ürək döyüntülərinin sayı artır. Bu, daxili qıcıqlanmadır. İnsanı əsəbiləşdirən zaman qanda adrenalinin miqdarı artır. Bu xarici qıcıqlanmanın təsiri ilə baş verir.