Maddələr mübadiləsinə təsir edən amillər
MMüxtəlif canlılarda gedən maddələr mübadiləsinin fərqli olmasının səbəbi nədir?
Şəkilləri nəzərdən keçirin. İnsanlarda bu cür fərqliliyin yaranmasının səbəbini araşdırın və sualları cavablandırıb təqdim edin.
• Maddələr mübadiləsinin gedişində sağlam həyat tərzinin nə kimi əhəmiyyəti var?
• Bu prosesin həyata keçirilməsinə hansı mühüm amillər təsir göstərir?
Maddələr mübadiləsinə təsir göstərən amillər orqanizmin həm daxilində, həm də xaricində mövcuddur. Daxili amillər orqanizmdə gedən maddələr mübadiləsinə birbaşa, xarici amillər isə dolayı yolla təsir edir. Məsələn, həddindən artıq soyuğun orqanizmin daxili orqanlarına təsiri nəticəsində maddələr mübadiləsinin pozulması xarici amildir. Xəstəlik nəticəsində orqanizmdə baş verən dəyişikliklər daxili amil hesab edilir. Biotik, abiotik və antropogen amillərin orqanizmə təsiri əlverişli və əlverişsiz olur.
Maddələr mübadiləsinə təsir göstərən bir sıra amilləri nəzərdən keçirək.
► Maddələr mübadiləsinə qidalanma prosesi güclü təsir göstərir. Qidalanma prosesində aşağıda göstərilənlərə əməl olunmadıqda maddələr mübadiləsi pozulur:
• Sutkalıq qida payının verdiyi enerji kifayət qədər olmalıdır.
• Zülal, yağ və karbohidratlar normada qəbul olunmalıdır.