Ali sinir fəaliyyətinin pozulması və onun qarşısının alınması
MBəzi uşaqlar 10-15 və daha artıq yaşa çatsalar da, gördükləri, eşitdikləri onların yadında qalmır. Bəziləri hərfləri tanısalar da, oxuya bilmir, rəqəmləri yadda saxlayıb hesablamağı bacarmırlar.
• Belə hallar hansı səbəblərdən baş verir? Bu cür halların baş verməməsi üçün, sizcə, nə etmək olar? Belə qüsurlar hansı orqanlar sisteminin fəaliyyətinin pozulması ilə əlaqədardır?
Bəzən insanlar aldıqları zədə nəticəsində düşünmək qabiliyyətini itirirlər. Bunun başvermə mexanizmini araşdırın. Gəldiyiniz nəticəni qruplarda müzakirə edin.
İnsan orqanizmi çoxlu sayda şərtsiz və şərti reflekslər sayəsində xarici mühitlə əlaqədə olur. Qəbul olunmuş qıcıqlar beyin qabığında ayırd edilir. Cəmiyyətin həyatında özünü göstərən şüurlu fəaliyyətin əsasını insanın beynində gedən mürəkkəb proseslər təşkil edir. Bəzən böyük beyin yarımkürələri qabığında yaranan dəyişikliklər orqanizmin həyati funksiyalarını pozur. Bu zaman əmək qabiliyyəti aşağı düşür, bəzən isə tamamilə itir. Bu hadisələr daxili və xarici mühitdə baş verən dəyişikliklər nəticəsində olur.
Məsələn, bir sıra xəstəliklər, zərərli vərdişlər, yetərincə hərəkət etməmək, normal qidalanmamaq, emosional gərginlik, az müddətdə çoxlu məlumatlar qəbul etmək, elektron resurslardan (kompüter, mobil telefon və s.) fasiləsiz istifadə insanın beyin qabığının funksiyalarını pozur. Bu da bir çox hallarda dəyişiklik yaradır, ali sinir fəaliyyətinin pozulması ilə nəticələnir.