Buzlaqlar quru üzərində hərəkət edən buzların toplanmasıdır və qurunun 11%-ni və ya 16,3 mln. km2-ə malik olan ərazisini tutur. Onlar qar xəttindən yuxarıda yaranır. Qar xətti bütün ilboyu, hətta yay aylarında belə temperaturun 0°C-dən aşağı olduğu hündürlüyə deyilir.
Qar xəttindən yuxarıda quru səthinə düşən qar əriməyə macal tapmadan toplanır. Tədricən sıxılaraq qar dənəvər formada və tutqun rəngli firn (alm. – “köhnə qar” ) buzuna çevrilir. Sonrakı mərhələdə qar daha da bərkiyərək südrəngli şəffaf qletçer (alm. – “buzlaq”) buzunu əmələ gətirir. Coğrafiyanın buzlaqları öyrənən qolu qlyasiologiya (lat. – “buz; elm” ) adlanır.
Qar xətti ərazinin iqlim xüsusiyyətlərindən asılıdır. Yerin iqlimi coğrafi enlikdən asılı olaraq dəyişdiyi üçün qar xəttinin hündürlüyü də dəyişir. Yamacların istiqaməti də qar xəttinin hündürlüyünə təsir edir. Dağların ekvatora baxan yamaclarında qar xətti hündür, əks yamaclarında isə nisbətən aşağı olur.
Azərbaycanda buzlaqlar hündürlüyü 3900 m-dən hündür olan Bazardüzü, Şahdağ, Tufandağ, Bazaryurd zirvələrində, az miqdarda Qapıcıq dağında yayılmışdır.